Yüklənir ...

AMAL Akademiyası / YAY Məktəbi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində 25 avqust – 1 sentyabr 2019-cu il tarixlərində Oğuz şəhərində AMAL Akademiyası çərçivəsində Yay Məktəbi təşkil olunacaq.

Aqrar sahə üzrə bilik və bacarıqların artırılması məqsədi ilə ödənişsiz qaydada təşkil olunan yay məktəbinə ümumilikdə 122 nəfər müraciət edib və onlardan yalnız 56 nəfəri təlimlərə qatılmaq şansı qazanıb. Yaş həddi 18-35 arası olan gənclərin seçimində əsas meyarlar - iştirak məqsədini izah edən motivasiya məktubu, ixtisas uyğunluğu və onların aqrar sahəyə maraqları olub.

İnteraktiv metodlarla aparılacaq və nəzəri hissəsi 20 saatdan ibarət olan təlimlərdə “Bazar Dəyər Zənciri”, “Bazar Dəyər Zəncirinin dəstək funksiyaları”, “Fermer hüquqları”, “Fermerlərin bazara çıxışı”, “Maliyyə resurslarına çıxış və kreditlər”, “Qadınların İqtisadi Liderliyi”, “İnnovativ Kənd Təsərrüfatı”, “Kənd Təsərrüfatında qlobal tendensiyalar” və digər müvafiq mövzular əhatə olunacaq. Təlimlər ixtisaslaşmış təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.

Gənclər nəzəri biliklərlə yanaşı, aqrar sahədə bacarıqlarını artırmaq  üçün seçilmiş kənd təsərrüfatı müəssisə və ya təsərrüfatlara səfərlər edəcək, istehsal müəssisələrində prosesi canlı izləyə və təcrübə toplaya biləcəklər.

Bundan başqa onları yay məktəbi dövründə motivasiyanı artıracaq xüsusi təlimlər və aqrar sahədə uğur qazanmış fermerlərlə şəxsi tanışlıq gözləyir.

Azərbaycanın 21 regionundan qatılacaq gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün təlim saatlarından sonra əyləncəli proqram tərtib olunub. Həftə ərzində qeyd olunması planlaşdırılan  mədəniyyət axşamı gənclərin öz yaradıcılıqlarını nümayiş etdirərək mənsub olduqları bölgəni xüsusi bir şəkildə təqdim etməyə və iştirakçılara Azərbaycanı daha yaxından tanıtmağa yönələcək.

AMAL Akademiyasının Yay Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır.

Sonda Yay Məktəbinə qatılan iştirakçılar sertifikat ilə təltif ediləcəklər.

İldə iki dəfə keçirilməsi nəzərdə tutulan AMAL Akademiyası Yay və Qış Məktəblərinin ərazi müxtəlifliyini qorumaq məqsədi ilə Azərbaycanın fərqli regionlarında təşkil olunacağı planlaşdırılır.

AMAL Səfiri ol!